Bakıda “Sığorta dələduzluğuna qarşı mübarizə” mövzusunda seminar keçiriləcək

Bakıda “Sığorta dələduzluğuna qarşı mübarizə” mövzusunda seminar keçiriləcək
# 06 may 2014 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mayın 21-də Bakıda “Sığorta dələduzluğuna qarşı mübarizə” mövzusunda peşəkar mütəxəssislərin iştirakı ilə seminar keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, tədbirdə sığorta dələduzluğuna qarşı mübarizədə müasir tendensiyalar – dələduzluğun səviyyəsi və əks tədbirlər üzrə təcrübə diqqət mərkəzində olacaq. O cümlədən, sığorta cinayətləri və dələduzluq halları, kütləvi sığorta növləri üzrə sığorta fırıldaqçılığı ilə mübarizə, sığorta şirkətləri, istintaq və məhkəmə orqanlarının qabaqcıl təcrübələri müzakirə ediləcək. Seminarda sığorta dələduzluğu ilə mübarizədə sosial, hüquqi, informasiya problemləri və onların həlli yollarına toxunulacaq.

Tədbirdə avtomobil sığortası bazarında xərclərin və dələduzluğun azaldılmasının müasir yolları xüsusilə diqqət mərkəzində olacaq. Bunun üçün sığorta şirkətlərinin işində müasir texnologiyadan istifadə, avtomobil sığortasında dələduzluğun qarşısının alınması kimi üsullar müzakirə ediləcək.

Tədbirdə Azərbaycan, Rusiya və Qazaxıstanın sığorta qurumlarının təmsilçiləri, yerli və xarici şirkətlər, eləcə də, bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış xarici təşkilatların nümayəndələri iştirak edəcək. O cümlədən, seminarda Rusiya Federasiyası Sığorta Təhlükəsizliyi Assosiasiyasının prezidenti, Sığorta hüququ mərkəzinin baş direktoru Aleksey Alqazin, Qazaxıstanın Sığorta Ombudsmanı Vitaliy Verevkin, GPS və video texnologiyalar vasitəsi ilə təhlükəsizliyin təmin edilməsi üzrə dünya bazarında lider olan “Benish GPS” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Yaroslav Jovnirenko iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR