AXC-nin 24 illiyi qeyd edilib

AXC-nin 24 illiyi qeyd edilib
# 16 iyul 2013 09:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilatçılığı ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə AXC-nin yaradılmasında yaxından iştirak etmiş bəzi partiya sədrləri, ziyalılar iştirak edib.

AXCP sədri Əli Kərimli AXC-nin Azərbaycanın müstəqillik tarixində müstəsna xidmətlərə göstərdiyini vurğulayıb. O qeyd edib ki, AXC-nin təsis olunması hər hansı siyasi partiyanın yaradılması kimi anlaşıla bilməz: “Çünki həmin dövrdə Azərbaycan torpaqları işğala məruz qalırdı. Azərbaycan xalqı çox çətin vəziyyətdə idi. Xalq Cəbhəsi Azərbaycan xalqının özünü, torpaqlarını qoruma instinktindən doğuldu. Bu təşkilat Azərbaycan xalqının öz təşkilatıdır”.

Müsavat başqanı İsa Qəmbər AXC-nin yaradılması dövründən danışaraq, bunu Azərbaycan xalqının şərəfli tarixi adlandırıb: “Xalq Cəbhəsi Azərbaycanın müstəqillik tarixində həlledici bir rol oynayıb, SSRİ-nin süqutunu labüd edib. Başda Əbülfəz Elçibəy olmaqla Xalq Cəbhəsinin qurucularından olan bir sıra görkəmli ziyalılarımız həmin dövrün çətinliklərinə baxmayaraq, Azərbaycanın müstəqilliyi, xalqın azadlığı uğrunda böyük fədakarlıqlar göstərib”.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, XX əsr Azərbaycan tarixində Müsavatçılıq hərəkatı və Xalq Cəbhəsi kimi iki böyük qüvvə olub: “Bu iki hərəkat Azərbaycanın müstəqillik əldə etməsində müstəsna xidmətlər göstərib. Biz bu hərəkatlarla qürur duymalıyıq. Azərbaycan Xalq Cəbhəsi bir universitet idi və bu universitetdə xalq müstəqillik dərsi keçdi. Bu hərəkata Azərbaycan yaşadıqca ehtiyac var. Nə qədər ki, Azərbaycan parçalanıb və nə qədər ki, Azərbaycanın torpaqları işğal altındadır, Cəbhə idealı yaşayır və yaşamalıdır”.

Professor Cəmil Həsənli, ACP sədri Sülhəddin Əkbər, politoloq Zəfər Quliyev və tədbirin digər iştirakçıları AXC-nin yaranması, hərəkatın Azərbaycanın müstəqilliyi istiqamətində həyata keçirdiyi tədbirlər haqqında xatirələrini bölüşüblər.

Sonda Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

Xatırladaq ki, AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR