Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Bağırov vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə dair rəsmi andın mətnini Deyton şəhər müvəkkili Cefri Mimsə təqdim edib. O, çıxışı zamanı ona seçki prosesində dəstək olan, inanan şəxslərə minnətdarlığını bildirib və böyük şərəflə Amerika xalqına xidmət edəcəyini söyləyib.
A. Bağırov bu vəzifəyə seçilən ilk Amerika azərbaycanlısıdır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru A. Bağırov ötən il ABŞ-ın Ohayo ştatının Deyton şəhərində Deyton Dövlət Məktəbləri Təhsil Şurasına keçirilmiş seçkilərdə öz namizədliyini irəli sürüb. 5 noyabr tarixində yekunlaşan səsvermədə A. Bağırov və digər 3 namizəd seçkilərdə qalib gələrək növbəti 4 illiyə Təhsil Şurasına üzv seçiliblər. Şuranın vəzifəsi ictimaiyyət nümayəndələrinin və vətəndaşların təhsil prosesində fəal iştirakının təmin olunmasıdır.