Ötən il Azərbaycanda 42 mln. ton neft, 19 mlrd. kubmetrə yaxın təbii qaz hasil edilib

Ötən il Azərbaycanda 42 mln. ton neft, 19 mlrd. kubmetrə yaxın təbii qaz hasil edilib
# 16 yanvar 2015 09:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə Azərbaycanın sənayenin təsərrüfat subyektləri tərəfindən 31,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 69,6%-i istehsal olunmuş mədənçıxarma bölməsində 41,9 mln. ton neft, 18,7 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 24,0%-ni təşkil edib, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 6,9% üstələyib. Ümumi sənaye istehsalının 92,4%-i malların (əmtəələrin), 7,6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,5%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR