Avarçəkmə yarışlarına hazırlıq - Mingəçevirdən reportaj - VİDEO

Avarçəkmə yarışlarına hazırlıq - Mingəçevirdən <span style="color: red;">reportaj  - <span style="color: red;">VİDEO
# 28 may 2015 08:19 (UTC +04:00)

Cəmi bir neçə gündən sonra Avropanın, hətta dünyanın gözü Azərbaycanda olacaq. Bakıda qısa vaxt ərzində tikilib istifadəyə verilən idman arenalarını təkcə Azərbaycan tamaşaçısı deyil, eyni anda milyonlarla avropalı görə biləcək. İyunun 14-dən 16-na kimi isə hər kəsin diqqəti paytaxtla yanaşı, ölkəmizin "Nur şəhəri”nə - Mingəçevirə yönələcək.

Elə biz də bu dəfə yolumuzu Mingəçevirdən saldıq, burada atletlər, eləcə də nümayəndə heyətləri üçün yaradılan şəraitlə tanış olduq.

İlk gəldiyimiz məkan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi oldu. Kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmi formasında inşa edilmiş 250 yerlik altı mərtəbəli mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.

“Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) kanoe sprinti yarışları üzrə meneceri Jan Jerom Perrin idman obyektinin mötəbər yarışa tam hazır olduğunu bildirib.

"İyunun 14-16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcək. Yarışlardan əvvəl əcnəbi və yerli idmançılar üçün təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edəcəklər. Olimpiya Oyunlarının Macarıstan, Çexiya, Fransa, Almaniya və digər ölkələrdən olan 20 mükafatçı Birinci Avropa Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq".

Mütəxəssislər tərəfindən idman kompleksi barədə məlumat aldıqdan sonra eşitdiklərimizi bir daha əyani görmək üçük yollandıq yarışların keçiriləcəyi əsas məkana.

"Biz hazırda avarçəkmə yarışlarının keçiriləcəyi məkana yola düşürük. Bunun üçün biz xüsusi ayrılmış VİP qayıqla əraziyə baş çəkəcəyik".

"Üç gün davam edəcək yarışlarda 37 ölkədən 300-dən çox kişi və qadın atletin iştirakı gözlənilir".

Mötəbər yarışda Azərbaycan 7 atletlə təmsil olunacaq. İdmançıların Mingəçevirə iyunun 10-11-də gələcəkləri bildirilir. Kürün sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir.

"Yarış zamanı 9 atlet eyni zamanda yarışacaq ki, onlardan 1000 metr məsafəni ilkin olaraq başa vuran atlet qalib gələcək".

Bizi qayıqda müşayiət edən əcnəbi bələdçimiz həvəslə ona ünvanlanan suallarımızı cavablandırır, yarışların keçiriləcəyi yerlər, atletlər haqqında danışır. Deyir ki, avarçəkmə yarışları kişilər arasında 200 və 1000 metr, qadınlar arasında isə 200, 500 və 5 000 metr məsafələrdə keçirilir. Yarış sahəsinin uzunluğu 1000 metrdir, dərinliyi isə 10 metrdən çoxdur. Qayıqla bir neçə dəqiqəlik yolu dövrə vurduqdan sonra yenidən sahilə yaxınlaşırıq.

Qeyd edək ki, sakit suların əhatəsindən sahildə daha gözəl mənzərə canlanır. 1000-ə yaxın tamaşaçı üçün quraşdırılan oturacaqlar, atletlər üçün istirahət zonası, qurulan çadırlar, müşahidə kameraları daha aydın görünür.

Oyunlar vaxtı yarışların keçirildiyi müddətdə 100 könüllü də xidmət göstərəcək. İdman yarışlarından əlavə, keçiriləcək digər tədbirlərə daha 300 könüllü cəlb olunacaq.

"Bura isə hakimlərin və beynəlxalq federasiyaların nümayəndə heyətinin rahat əyləşib yarışları izləyəcək məkandır".

"Avropadan bura gələn hər bir idmançı özü ilə qayıqlarını da gətirəcək. Artıq bir neçə gündən sonra burada olan yerli qayıqlar yerini daha peşəkar idmançıların qayıqlarına verəcək. Yarışların keçirildiyi günlərdə hər bir idmançı öz qayığını burada - anqarda saxlayacaq".

Qeyd edək ki, kayak və kanoe qayıqlarında avarçəkmə 1924-cü ildə keçirilmiş Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq qeyri-rəsmi yarış kimi fəaliyyətə başlayıb və ancaq kişilər arasında keçirilib. 1948-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarınadək qadınların bu yarışlarda iştirakına icazə verilməyib. Avarçəkmənin bu növü öz olimpiya başlanğıcını 1936-cı ildə Berlində keçirilmiş Olimpiya Oyunlarında edib. Zaman keçdikcə, bu idman növü əhəmiyyətli dərəcədə inkişaf edib və həmin tarixdən etibarən yayılmaqda davam edir. Ümumiyyətlə, avarçəkmə yarışlarında əsas üstünlük avropalı iştirakçılara məxsusdur. Belə ki, Olimpiya Oyunları və Dünya Çempionatlarının hər ikisində avarçəkmə üzrə medal qazananların əksəriyyəti məhz avropalı idmançılardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR