Bank Of Baku

Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib

Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
# 15 noyabr 2026 10:14 (UTC +04:00)

Noyabrın 13-də və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bu barədə Rumıniyanın “Digi24” telekanalı məlumat yayıb.

Nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniya rəsmiləri hadisələri təsdiqləyiblər. Ölən və yaralanan olmayıb.

Noyabrın 13-də yerli vaxtla saat 21:40 radələrində Palau bayrağı altında üzən “Larissa 1” gəmisi Sfıntul-Georqe yaxınlığında, Rumıniya sahillərindən təxminən 12 kilometr (7,5 mil) məsafədə olarkən insident baş verib.

Rumıniyanın Sulina limanına doğru hərəkət edən gəminin son təyinat məntəqəsi Ukrayna olub.

PUA gəminin yük kranına ziyan vurub. Rumıniyanın “HotNews” nəşrinin məlumatına görə, gəminin kapitanı ekipaj üzvlərindən heç kimin xəsarət almadığını və zərbənin yanğına səbəb olmadığını bildirib.

Noyabrın 14-də Konstansa hərbi limanında çıxış edən Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea ölkə rəsmilərinin insident barədə məlumatlandırıldığını və araşdırmaya başlanıldığını təsdiqləyib.

Nazir bildirib ki, hakimiyyət orqanları Rumıniya ərazisi yaxınlığında PUA-ların fəaliyyətini izləyir. O, noyabrın 13-də Tulça dairəsində ən azı iki dəfə təhlükə xəbərdarlığı elan edildiyini də qeyd edib.

Rumıniya hakimiyyəti gəmiyə zərbə endirən PUA-nın mənşəyini müəyyənləşdirməyib.

Rumıniyanın “News.ro” xəbər agentliyinin məlumatına görə, noyabrın 14-də axşam saatlarında Rumıniya sahilləri yaxınlığında daha iki ticarət gəmisi PUA-ların hücumuna məruz qalıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Yunanıstan bayrağı altında üzən “Evia Petrol V” tankeri yerli vaxtla saat 21:10 radələrində Sulina limanından təxminən 4 dəniz mili şərq-cənub-şərq istiqamətində zərbəyə məruz qalıb. Təxminən 35 dəqiqə sonra “Marsol” quru yük gəmisi də Sulina kanalı yaxınlığında hücuma məruz qalıb.

Hər iki gəmidə yanğın baş verib, lakin ekipaj üzvləri alovu söndürə biliblər. Ölən və yaralanan olmayıb.

Rumıniyanın Müdafiə Nazirliyi həmçinin İlan adasının şərqində hava hədəfinin aşkarlandığını və bununla əlaqədar iki F-16 qırıcı təyyarəsinin havaya qaldırıldığını bildirib. Hakimiyyət orqanları Tulça dairəsinin sakinlərinə PUA təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.

Gəmilərə zərbə endirən PUA-ların mənşəyi hələ müəyyən edilməyib.

Bu insidentlər Qara dənizdə ticarət gəmiçiliyini əhatə edən bir sıra PUA hücumlarından sonra baş verib.

Oktyabrın 28-də Konstansa istiqamətində hərəkət edən ticarət gəmisi Bolqarıstanın ərazi sularında PUA-ların hücumuna məruz qalıb. Oktyabrın 23-də isə Konstansa yaxınlığında baş verən başqa bir hücum nəticəsində bir dənizçi həlak olub, üç nəfər itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR