Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı qeyd edilib

Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı qeyd edilib
# 13 aprel 2015 08:21 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər. APA-nın yerli bürosunun xəbərinə görə, Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin dini icmasının rəhbəri, kilsənin keşişi, və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər. Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlandırılıb, udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrə açılıb.

Məlumat verilib ki, sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Azərbaycanda ümumilikdə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR