Varşavada Azərbaycan səfirliyinin polyak dilində nəşr etdirdiyi kitabların təqdimatı olub

Varşavada Azərbaycan səfirliyinin polyak dilində nəşr etdirdiyi kitabların təqdimatı olub
# 14 aprel 2015 14:45 (UTC +04:00)

Bakı – APA. Varşavada Azərbaycan səfirliyinin polyak dilində nəşr etdirdiyi 30 adda kitabın təqdimatı olub.

Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

Yunus Emre İnstitutunun filialında baş tutmuş tədbirdə səfir Həsən Həsənov, Türkiyənin Polşadakı səfiri Yusuf Ziya Özcan, Yunus Emre İnstitutunun Varşava filialının direktoru Öztürk Emiroğlu, habelə Yunus Emre İnstitutunun müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir H. Həsənov 2012-2015-ci illər ərzində səfirlik tərəfindən Azərbaycan mədəniyyət və incəsənətini, ədəbiyyat və dilini Polşa oxucularına daha yaxından tanıdan 30 adda polyak dilində nəşr edilmiş kitabların təqdimatını edib. Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş silsilədən olan kitablar və kiçik məlumat açıqcaları haqqında məlumat verib. Münaqişəyə həsr olunmuş açıqcalar və onların üzərində əks olunan xəritələr qonaqların böyük marağına səbəb olub.

Türkiyə səfiri Y. Özcan isə çıxışı zamanı Azərbaycan səfirliyinin fəaliyyətini alqışlayıb və gələcəkdə birgə əməkdaşlıq layihələri haqqında düşünməyi təklif edib.

Tədbirin sonunda səfir qonaqların suallarını cavablandırıb və hər kitabdan Yunus Emre İnstitutunun kitabxanasına hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR