Ukrayna hökuməti 2026-2027-ci illərdə beynəlxalq tərəfdaşlardan ümumilikdə 101 milyard dollar maliyyə dəstəyi cəlb etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radaya təqdim etdiyi fəaliyyət proqramında deyilir.
Sənədə əsasən, 2026-cı ildə təxminən 49 milyard dollar, 2027-ci ildə isə 52 milyard dollar maliyyə dəstəyi cəlb edilməsi nəzərdə tutulur. Vəsaitin əsasən Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər tərəfdaşlardan alınması planlaşdırılır.
Ukrayna son illərdə büdcəsini rekord kəsirlə formalaşdırır. Kiyev ölkənin daxili maliyyə imkanlarının tükəndiyini və əlavə vəsait tapmağın getdikcə çətinləşdiyini bildirir.