Gürcüstanda şərab həftəsi keçirilir

Gürcüstanda şərab həftəsi keçirilir
# 29 sentyabr 2016 19:41 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda şərab həftəsi keçirilir. Festival ilə bağlı ilk tədbirlərə Telavi rayonunda start verilib. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidə də şərab həftəsi çərçivəsində müxtəlif tədbirlər keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir artıq üçüncü ildir ki, Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi və Milli Şərab Agentliyinin təşkilatçılığı ilə baş tutur.

Tədbirlər oktyabrın 2-dək davam edəcək.

Marneulidəki Mədəniyyət Evi qarşısında başlayan şərab dequstasiya sərgiləri tədbir iştirakçıları üçün daha maraqlı olub. Festival çərçivəsində müxtəlif kənd təsərrüfatı məhsullarının sərgisi keçirilib.

Festival çərçivəsində şərab içmə yarışı da planlaşdırılıb. Həftənin sonunda yarışda qalib çıxan iştirakçıya Gürcü Şərabı Ordeni veriləcək. Festival çərçivəsində müxtəlif layihələrin təqdimatı, şərab turları, film nümayişi və digər tədbirlər nəzərdə tutulub.

Gürcüstanın Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili APA-ya açıqlamasında Marneulidə keçirilən şərab həftəsi festivalının region üçün vacib bir tədbir olduğunu bildirib: “Mən bu gün Marneulidə keçirilən tədbiri yüksək qiymətləndirirəm. Marneuli ərazisində, azərbaycanlıların kompakt yaşadığı İmir kəndində 8 min il tarixi olan üzüm gilələri tapılıb. Hazırda bölgədə arxeoloji qazıntılar aparılır, turizm potensialı inkişaf edir. Biz artıq bu tədbiri ənənəvi olaraq, yalnız Marneulidə deyil, bütün Kvemo Kartli bölgəsində keçirəcəyik”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR