Ombudsman cəbhə bölgəsində olub

Ombudsman cəbhə bölgəsində olub
# 09 aprel 2016 13:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova cəbhə bölgəsinə səfərini davam etdirib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndində, Füzuli rayonunun Horadiz qəsəbəsində və Qazaxlar kəndində olub, həmin yaşayış məntəqələrinin çoxsaylı sakinləri ilə görüşüb.

Əhali tezliklə bütün torpaqlarımızın azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə, qaçqın və məcburi köçkün soydaşlarımızın öz yurdlarına qayıdacaqlarına inandıqlarını vurğulayıblar.

Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş nəticəsində azad olunmuş strateji nöqtələrə və yüksəkliklərə Azərbaycan Dövlət bayrağının sancılması, bunun ölkəmizin əhalisi arasında qələbə təntənəsi kimi qeyd olunması müşahidə edilib.

Səfər çərçivəsində Müvəkkil həmin bölgələrdə yerləşən N saylı hərbi hissələrin və yüksək müasir avadanlıqla təchiz edilmiş səyyar hərbi hospitalın hər zaman döyüşə hazır olan əsgər və zabitləri, tibbi personalı ilə görüşüb.

Görüşlərdə iştirak etmiş sakinlər və hərbi qulluqçular onlara göstərilən qayğı və diqqətə görə Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqına öz minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR