Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin maliyyə bazarlarında sabitliyin qorunmasına dair vəzifəsi müəyyənləşib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin maliyyə bazarlarında sabitliyin qorunmasına dair vəzifəsi müəyyənləşib
# 08 yanvar 2016 15:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin maliyyə bazarlarında sabitliyin qorunmasına dair vəzifəsi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə təsdiqlənən və bu ildən qüvvədə olan “Fond birjasının məlumatları açıqlaması Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən fond birjaları tərəfindən qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əlaqədar ticarət öncəsi və bağlanmış əqdlərə dair məlumatların açıqlanması maliyyə bazarlarının sabitliyinin pozulması və ya ölkə iqtisadiyyatına mənfi təsir göstərə bildiyi təqdirdə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumatların açıqlanmasını təxirə salır. Həmin məlumatların açıqlanması Komitənin birjaya təqdim etdiyi yazılı bildiriş əsasında təxirə salınır.

Qaydanın tələblərinə görə birja ticarət üsulundan asılı olaraq qiymətli kağızlarla (qiymətli kağızların yerləşdirilməsi üzrə keçirilən hərraclar istisna olmaqla) və törəmə maliyyə alətləri ilə bağlı məlumatları ticarətdən əvvəl davamlı olaraq ticarət sistemi vasitəsilə birja üzvlərinə açıqlayır. Bu məlumatlara fasiləsiz ticarət zamanı bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə eyni qiymət ilə yerləşdirilmiş sifarişlərin və həmin sifarişlərdə əks olunmuş qiymətli kağızların ümumi sayı, həmçinin qiymətli kağız və ya törəmə maliyyə alətinin kodu, növü və qiymətli kağızın emitentinin adı göstərilməklə, ən azı 5 ən yaxşı alış və satış təklifi, kotirovkalara əsaslanan ticarət zamanı hər marketmeyker tərəfindən yerləşdirilən ən yaxşı alış və satış kotirovkası, auksion (hərrac) ticarəti zamanı hər qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə ticarət alqoritmini ən iri ticarət həcmini təmin edən qiyməti və həmin qiymət səviyyəsində alınıb-satıla biləcək qiymətli kağızların sayı, həmçinin qiymətli kağız və ya maliyyə alətinin kodu, növünü və qiymətli kağızın emitentinin adı, birjanın ticarət üsulu bu sadalanan ticarət üsullarının heç birinə uyğun olmadıqda və ya həmin üsulların bir neçəsinin birləşməsindən təşkil edildikdə sirafişlərin və ya kotirovkaların qiyməti və həmin sirafiş və kotirovkalarda əks olunmuş qiymətli kağızların sayı, qiymətli kağız və ya törəmə maliyyə alətinin kodu, növü və qiymətli kağızın emitentinin adı daxildir.

Birjanın ticarət sisteminə kross sifarişlər yerləşdirildiyi halda, birja bu məlumatlardan əlavə olaraq, bu barədə məlumatı ticarət sistemi vasitəsilə açıqlayır. Ünvanlı satış əqdləri üzrə yerləşdirilmiş sifarişlərə dair ticarət öncəsi məlumatlar birja tərəfindən açıqlanmır. Birja repo əməliyyatları (qiymətli kağızları satan tərəfin onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürməsi) üzrə repo predmeti olan investisiya qiymətli kağızlar, təminat əmsalı (faizlə), repo predmeti ola bilən investisiya qiymətli kağızlarının cari qiyməti, repo açılış qiymətinə dair məlumatları açıqlayır. Bütün bu məlumatlar birja tərəfindən ödənişli əsaslarla real-vaxt rejimində birja üzvü olmayan şəxslərə açıqlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR