Yevlaxda icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibbi xidmətlərdə yeniliklər həyata keçirilib

Yevlaxda icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibbi xidmətlərdə yeniliklər həyata keçirilib
# 24 aprel 2017 09:48 (UTC +04:00)

Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi üzrə icra edilən pilot layihə çərçivəsində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə yeniliklər həyata keçirilib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, layihə çərçivəsində Yevlax Mərkəzi Rayon Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzi yaradılıb. Mərkəz vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi ilə reallaşdırılıb. Xəstəxanaya müraciət edənlər ilk olaraq ailə həkimləri tərəfindən müayinə və müalicə olunacaq.

Bundan başqa, təcili təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətlini artırmaq məqsədilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların çeşidlənməsi üçün - “tira” sisteminin tətbiqinə başlanıb.

Sistemin tətbiqində məqsəd təcili yardıma ehtiyacı olan xəstələrin səhhətlərinin ağırlıq dərəcəsinə görə çeşidlənməsini təmin etməkdir.

Pilot layihə çərçivəsində xəstəxanada 24 saat fəaliyyət göstərən yeni laboratoriya da yaradılıb. Diaqnostik laboratoriyada müasir maddi-texniki baza qurulub.

Yevlax Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov APA-ya bildirib ki, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılacaq.

Artıq müayinə nəticələrinin kağız üzərində arxivləşdirilməsinə son qoyulub. Xəstələr öz müayinə nəticələrini xəstəxanaya gəlmədən onlara verilmiş kod əsasında internet vasitəsilə əldə edə biləcəklər.

A.İsmayılov onu da qeyd edib ki, növbəti mərhələdə uşaqların vaksinasiyası haqqında da məlumatların valideynlərə bildirilməsi avtomatlaşdırılacaq.

Xüsusi proqramın köməkliyi ilə valideynlərə övladlarının növbəti peyvənd tarixi barədə SMS vasitəsi ilə bildirişlər göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR