Dərs ilinin sonuna qədər 26 min müəllim təlimlərə cəlb ediləcək

Dərs ilinin sonuna qədər 26 min müəllim təlimlərə cəlb ediləcək
# 26 dekabr 2019 16:58 (UTC +04:00)

“Son illərdə müəllim nüfuzunun yüksəldilməsi üçün daha çox iş görməyə çalışırdıq. 2019-cu il bu baxımdan çox əlamətdar il olub”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ilin yekunları ilə bağlı məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə qatılanların sayı rekord həddə çataraq 54 mini ötüb: “Onlardan 8000-dən çoxunu işə qəbul etmişik. Müsabiqəyə qatılanların sayı çoxaldıqca seçim imkanlarımız daha da artır və daha səriştəli, peşəkar müəllimləri seçə bilirik. Son 2 ildə 20 mindən çox müəllim işə qəbul edilib. Əvvəllər daim vakant qalan kənd məktəblərinə son 2 ildə ixtisaslı müəllimlər göndərə bilmişik. Eyni zamanda hökumətin qərarına əsasən, gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Həmin gənc müəllimlərin 10 mindən çoxu bu cür stimullaşdırıcı tədbirlərdən faydalanmaqdadır”.

F. Qədirov qeyd edib ki, son tədris ilində müəllimlərin fəaliyyətinin diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artıb. Bu gün məktəblərdə çalışan müəllimlərin orta aylıq əməkhaqqı 600 manata çatıb. Eyni zamanda bu ilin sentyabrın 1-dən dövlət başçısının sərəncamına əsasən, müəllimlərin əməkhaqqı daha 20 faiz artıb”.

F. Qədirov deyib ki, müəllimlərlə bağlı həyata keçirilən kompleks tədbirlər gənclər arasında müəllimlik peşəsinə marağı artırıb: “Bu il ali məktəblərə qəbul imtahanları zamanı bütün ixtisaslar üzrə 500 baldan çox bal toplayanlar arasında hər 4 nəfərdən biri müəllimlik ixtisasını seçib. Əvvəllər yüksək bal toplayanlar arasında müəllimlik ixtisasını seçənlər tək-tək olurdu. İndi müəllimlik ixtisasına bir qayıdış başlayıb. Bunun nəticəsində müəllim hazırlığı sistemi kökündən dəyişəcək. Bir neçə ildən sonra yüksək peşəkar hazırlığı olan müəllimləri məktəblərə qəbul edəcəyik ki, bu da təhsilə öz töhfəsini verəcək”.

Aparat rəhbərinin müavini əlavə edib ki, 2019-cu il ərzində 16 mindən çox müəllimin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilib. Dərs ilinin sonuna qədər daha 26 min müəllim belə təlimlərə cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR