Ayətullah Xamenei: “İran regionda baş verən proseslərə müqavimət göstərdi”

Ayətullah Xamenei: “İran regionda baş verən proseslərə müqavimət göstərdi”
# 08 fevral 2018 13:34 (UTC +04:00)

İranın ali lideri Seyid Əli Xamenei Hərbi Hava Qüvvələrinin zabit və əsgər heyəti ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş 1357-ci ilin 19 bəhmən gününün (1979, 8 fevral) ildönümü münasibətilə keçirilib.

Görüşdə çıxış edən ayətullah Xamenei İrandakı sistemin üstünlüklərindən danışıb və bunun islam inqilabına əsaslandığını deyib. O, inqilabın əsas siyasi istiqamətlərindən birinin “beynəlxalq səviyyədə zülm və korrupsiya qarşısında müqavimət” olduğunu söyləyib: “Bu gün dünyanın ən amansız və zalım qüvvəsi ABŞ-dır. Onlar İŞİD-dən də vəhşidirlər. ABŞ İŞİD-i yaradıb, onları dəstəkləyir və bəlkə də təlim keçir. Necə ki “Blackwater” kimi vəhşi qurumları da var idi. Lakin ABŞ hökuməti bütün bu amansızlığı, vəhşiliyi və daşürəkliliyinə baxmayaraq, beynəlxalq tribunalardan insan haqlarının, məzlumların və heyvanların hüquqlarının müdafiəçisi kimi çıxış edir. Həqiqətləri deməklə onları rüsvay etmək lazımdır. Fələstin xalqına qarşı 70 illik zülmü dəstəkləmək, eləcə də Yəməndə insanların qətliamını dəstəkləmək ABŞ-ın etdiyi zülmlərin bariz nümunəsidir. Yəməndə infrastruktur və məzlum dinc sakinlər hər gün ABŞ-ın müttəfiqləri və ABŞ silahları ilə bombalanır. Amma ABŞ heç bir etiraz etmir. Əvəzində utanmazcasına bir neçə dəmir parçasını göstərməklə İranın ora raket göndərməsi ilə bağlı əsassız iddia irəli sürür. Yəmən xalqı mühasirədə saxlanılır, necə ora raket göndərmək olar?!”

Ə. Xamenei qeyd edib ki, islam açıq-aşkar zülmün qarşısında durmaq göstərişi verib: “İran İslam Respublikası regionda baş verən proseslərə müqavimət göstərdi. Qərbi Asiya bölgəsində ABŞ müqaviməti məhv etmək istəyirdi, lakin biz onların qarşısında durduq. Bu gün dünyada hamıya məlum olub ki, ABŞ istəyirdi, bacarmadı. Biz istədik və bacardıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR