Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanıb

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanıb
# 01 iyul 2014 09:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanıb. BŞTİ-dən APA-ya verilən xəbərə görə, qəbul zamanı seçim məqsədilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində 3200 şagird təhsil alıb. Həmin şagirdlərin təhsili ilə 397 müəllim məşğul olub.

Xatırladaq ki, iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkənin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırıb ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR