Azərbaycanlı və alman rəssamların birgə sərgisi keçiriləcək

Azərbaycanlı və alman rəssamların birgə sərgisi keçiriləcək
# 03 noyabr 2012 11:42 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA. 23 noyabr - 1 dekabr tarixlərində Berlində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə “Rənglərin dialoqu: Azərbaycan –Almaniya” adlı müştərək sərgi təşkil olunacaq. Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Direktorenhaus” adlı məşhur incəsənət qalereyasında bir həftə davam edəcək sərgidə Almaniya ictimaiyyətinin görkəmli simaları, kütləvi informasiya vasitələrinin nümayəndələri, incəsənət xadimləri, ali məktəblərin rəhbərləri və digər qonaqların iştirakı nəzərdə tutulub.

Sərgidə Azərbaycanlı rəssamlar Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli Almaniya rəssamı Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri nümayiş ediləcək. Sərgi çərçivəsində Azərbaycan rəssamlarının “Xarı Bül-bül”, “Şuşa Məscidi”, “Xudafərin Körpüsü”, “Qarabağ Atları”, “Neft Buruqları”, “Qız Qalası” və digər məzmunlu 30 rəsm əsəri sərgilənəcək.

Qeyd edək ki, sərgi ilə bağlı aparılacaq hazırlıq işləri çərçivəsində Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunacaq kataloqun çapı planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR