Azərbaycanın Pakistandakı səfiri Senatın komitə sədri ilə görüşüb - FOTO

Azərbaycanın Pakistandakı səfiri Senatın komitə sədri ilə görüşüb - <font color=red>FOTO</font>
# 27 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Senatının Daxili işlər üzrə komitəsinin sədri senator Məhəmməd Talha Mahmudla görüşüb.

Səfirlikdən APA_ya verilən məlumata görə, görüş zamanı D.Şikarov iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən danışıb, Dağlı Qarabağ münaqişəsi və digər məsələlərdə Pakistanın Azərbaycana indiyə kimi verdiyi dəstəyə görə komitə sədrinə təşəkkür edib.

Səfir bu il fevralın 1-də Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsində fəallıq göstərdiyinə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan və Pakistan daxili işlər orqanları arasında əməkdaşlığın hər iki ölkə üçün önəmli olduğu qeyd edilib, Azərbaycanın daxili işlər nazirinin İslamabada səfərinin gündəmdə olduğu vurğulanıb. Səfir ASALA terror təşkilatı tərəfindən Azərbaycan diplomatlarına qarşı təhdidlərin olmasını Senat komitəsi sədrinin diqqətinə çatdırıb.

Senatın komitə sədri iki ölkə və xalqlar arasında münasibətlərin səmimi dostluğa arxalandığını və strateji xarakter daşıdığını qeyd edərək, onların bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. O, Senatın nümayəndə heyəti tərkibində 2008-ci ildə Bakıya səfərini xatırladaraq, Azərbaycan xalqının qonaqpərvərlik və səmimiyyətindən danışıb.

M.M.Talha iki ölkənin daxili işlər orqanları arasında terrorla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə daha sıx əməkdaşlıq etməyin vacibliyini qeyd edib. O, Pakistanda fəaliyyət göstərən Azərbaycan diplomatlarının təhlükəsizliyinin Pakistan dövləti tərəfindən tam təmin olunacağını və bütün təhdidlərin qarşısının alınacağını bildirib.

Senator Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunacağına qədər davam edəcəyini vurğulayıb. M.M.Talha 2005, 2010 və 2011-ci illərdə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan hökumətinin Pakistana etdiyi yardımlara, həmçinin Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrə görə prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR