Salyan rayonunda yenidən arxeoloji qazıntılar aparılır

Salyan rayonunda yenidən arxeoloji qazıntılar aparılır
# 05 may 2012 08:53 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Bir neçə gündür Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki Babazənan dağında üçüncü arxeoloji qazıntı işlərinə başlanılıb.

Arxeoloji ekspedisiyanın rəis müavini Məmmədəmin Rəcəbov APA-nın Mil-Muğan bürosuna bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı həmin ərazidə daha üç küp qəbir aşkar edilib.

Alimlərin fikrincə, qazıntı zamanı tapılan maddi-mədəniyyət qalıqları eramızdan əvvəlki dövrə aid edilir. Yeni tapılan qəbir küplərinin üzərində dini inanclarla bağlı təsvirlər var. Bu təsvirlərdə qədim türklərin inancı olan şaman təriqətini göstərən işarələr müəyyən edilib. Təsvirlərin şər qüvvələrin qəbirdən uzaqlaşdırmaq üçün çəkildiyi ehtimal edilir.

Onu da qeyd edək ki, bundan əvvəl aparılan iki qazıntı zamanı həmin ərazidə iyirmidən çox küp qəbir aşkar edilib. Arxeoloji tədqiqatlar Salyanda ilk insan məskənlərinin küp qəbirlərdə dəfnetmə adətindən çox əvvəl, ən azı eramızdan əvvəl IX-VIII əsrlərdən yarandığını söyləməyə imkan verir. Rayonda aparılan arxeoloji qazıntılar isə bir neçə ay davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR