Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsinin final mərhələsinin biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsinin final mərhələsinin biletləri satışa çıxarılıb
# 15 mart 2012 12:00 (UTC +04:00)
APA-nın məlumatına görə, hazırda final mərhələsinin biletləri eurovision.tv saytında online sistemi ilə satılır. Final mərhələsinin biletləri 160-240 manat arasındadır.

Xatırladaq ki, mayın 22-də keçiriləcək I yarımfinalın (90-150 manat) və eyni mərhələnin əsas məşqinin biletləri (30-50 manat) fevralın 29-dan, mayın 24-də baş tutacaq II yarımfinalın və eyni mərhələnin əsas məşqinin biletləri martın 5-dən, final konsertinin münsiflərin səs verəcəyi əsas məşqin biletləri (60-100 manat) martın 12-dən satışa çıxarılıb.

”Eurovision-2012” şousunun təşkil olunacağı arena - “Baku Crystal Hall” 20 min tamaşaçı tutumuna malikdir. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayım Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Qalan biletlər isə satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi Azərbaycan auditoriyası üçün satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünür. Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Online satış sistemində bilet əldə edəcək şəxsin adı və soyadını, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin daxil etmək mütləqdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa kartları, American Express çekləri ilə aparılır. Əldə olunan hər bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bilet alan şəxs barədə saxta məlumatlar daxil edilməsi aşkarlanarsa, həmin bilet etibarsız sayılacaq. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və biletlərin qara bazarda satışının qarşısını alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR