Milli Musiqi Günü qeyd olunur - FOTOSESSİYA

Milli Musiqi Günü qeyd olunur - <span style="color: red;">FOTOSESSİYA
# 18 sentyabr 2016 08:45 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycanın böyük bəstəkarı, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür.

APA-nın məlumatına görə, Ü. Hacıbəylinin 131 illik yubileyi ölkənin mədəni və ictimai həyatında silsilə tədbirlərlə, konsert proqramları və konfranslarla qeyd ediləcək.

Xatırladaq ki, Ü. Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. İlk təhsilini Şuşada ikisinifli rus-türk məktəbində alıb.

Bəstəkar 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Ü. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazılıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi.

Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazılıb. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.

Üzeyir bəy Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. O, “Arşın mal alan” musiqili komediyasını burada yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

Ü. Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib.

Bəstəkarın doğum günləri uzun illərdir ki, Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd olunur.

Foto - Nicat Əlili © APA HOLDİNG

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR