Sergey Markedonov: “Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı digər münaqişələrlə müqayisədə daha təhlükəlidir”

Sergey Markedonov: “Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı digər münaqişələrlə müqayisədə daha təhlükəlidir”
# 13 fevral 2017 15:18 (UTC +04:00)

Moskvada SSRİ-nin dağılmasının və onun ərazisində müstəqil dövlətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Rossiya Seqodnya" agentliyində keçirilən tədbir Beynəlxalq məsələlər üzrə Rusiya Şurası tərəfindən təşkil olunub.

Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov deyib ki, Sovet İttifaqının dağılması Rusiya qarşısında iki vəzifə qoyub: “Mehriban qonşuluq əlaqələrinin və vahid iqtisadi, mədəni, dil məkanının saxlanılması. Təəssüf ki, bu vəzifələrdən heç biri tam həcmdə həllini tapmayıb. Bu məkanın qorunub saxlanılmasını istəməyən xarici qüvvələr var. Rusiyanı da günahkar hesab edənlər mövcuddur. Düşünmək lazımdır ki, postsovet məkanının qorunub saxlanılması üçün nə etməliyik?”

Avrasiya İnkişaf Bankının baş iqtisadçısı Yaroslav Lisovolik SSRİ-nin çöküşünün keçmiş ittifaq respublikalarında ÜDM-in əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxardığını söyləyib: "Buna səbəb regionlararası əlaqələrin qopması olub. Keçmiş sovet ölkələrinin əksəriyyətinin coğrafi vəziyyəti onların əməkdaşlığını praktiki olaraq qaçılmaz edir”.

Tanınmış politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının müdiri Sergey Markedonov SSRİ-nin dağılmasından sonra onun ərazisində 9 silahlı münaqişənin baş verdiyini bildirib. Siyasi ekspert postsovet məkanındakı bu münaqişələri iki qrupa bölüb: “Dondurulmuş münaqişələr (Abxaziya, Cənubi Osetiya və Dnestryanı) və aktiv münaqişələr, hansı ki bura ilk növbədə Ukraynanın şərqindəki və Dağlıq Qarabağ münaqişələrini aid etmək olar. Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Bu münaqişə postsovet məkanındakı digər münaqişələrlə müqayisədə bu gün daha böyük təhlükə daşıyır. 2006-cı ildən bu günə qədər Dağlıq Qarabağ regionunda baş verən insidentləri müşahidə etsək, intensivləşməni görərik. Ötən ilin aprelində baş verən müharibə hamıya məlumdur. Aprel hadisələrinə qədər də belə hallar müşahidə olunmuşdu. Bu, onu göstərir ki, problem olduqca ciddidir. İkinci bir vacib məqam isə, insidentlərin təkcə təmas xəttində, Dağlıq Qarabağ və ona bitişik 7 rayonda - 193 kilometrlik uzunluqda ərazidə deyil, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan-Ermənistan sərhədində də baş verməsidir. Həmin insidentlərdən biri ötən ilin sonunda, dekabrın 29-da baş verdi. Əgər Dağlıq Qarabağda, təmas xəttində baş verənlər münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu səviyyəsində keçirilən danışıqların, yenilənmiş Madrid prinsiplərinin predmetidirsə, Azərbaycan-Ermənistan sərhədində baş verənlər isə belə desək, sahibsizdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərb və Rusiyanın mövqeləri olduqca yaxındır. ABŞ Rusiyanın bu münaqişənin sülh yolu ilə həllində tutduğu mövqeni dəstəkləyir. Aprel hadisəsindən sonra qərbli diplomatların Rusiyanın sülh istiqamətində atdığı addımları necə təriflədiyinin şahidi olduq. Ona görə də indi bu regionda güc və zor tətbiqini minimallaşdırmağa şans var”.

Rusiyalı ekspert Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının çox çətin məsələ olduğunu vurğulayıb: “Məlumdur ki, danışıqlar masasında iki əsas məsələ var. Bunlardan biri Dağlıq Qarabağın statusu, digəri isə ona bitişik rayonların işğaldan azad edilməsi məsələsidir. Lakin əsas məsələ kimin birinci addım atması, güzəştə getməsi, hansı məsələnin birinci yerinə yetirilməsidir. Rusiya bu məsələdə həlledici rol oynaya bilər. Çünki Moskvanın həm Bakıya, həm də Yerevana təsir etmək imkanı var”.

S. Markedonov Sovet İttifaqının dağılmasının hüquqi cəhətdən başa çatdığı, lakin tarixi cəhətdən davam etdiyi ilə bağlı fikirlərin həqiqətə uyğun olduğunu söyləyib: “Bu gün postsovet məkanında baş verənlər SSRİ-nin dağılmasının hələ də davam etdiyini göstərir. Bu gün Rusiya ilə Ukrayna və Gürcüstan arasında diplomatik əlaqələr mövcud deyil. Azərbaycanla Ermənistan arasındakı münasibətlər məlumdur. Fikrimcə, postsovet məkanındakı mövcud münaqişələr həll edilməsə, bu məkan bütün cəhətlərdən hər zaman geridə qalacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR