ARDNŞ prezidenti ABŞ-ın Arizona ştatının nümayəndə heyətini qəbul edib

ARDNŞ prezidenti ABŞ-ın Arizona ştatının nümayəndə heyətini qəbul edib
# 15 noyabr 2013 15:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ABŞ-ın Arizona ştatının Senat və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanla ABŞ arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu cür səfərlərin mühüm rol oynadığını qeyd edən R.Abdullayev Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlardan danışıb. O, bu uğurlarda neft-qaz sektorunun rolunu qeyd edib, xüsusilə respublikanın qaz ixrac edən ölkələr arasında özünə layiqli yer tutması, qonşu Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynaması, şirkətin xaricdə həyata keçirdiyi investisiya proqramları barədə ətraflı söz açıb.

Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın alternativ təbii qaz mənbəyi kimi verəcəyi töhfələrdən danışan R.Abdullayev artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin nəql marşrutunun seçildiyini, Avropa alıcıları ilə müqavilələrin imzalandığını diqqətə çatdırıb.

ARDNŞ prezidenti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” kimi mühüm layihələrin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycanın yalnız müstəqillik dövründə öz zəngin təbii sərvətlərinin sahibi olduğunu vurğulayan R.Abdullayev təxminən 160 illik neftçıxarma dövründə Bakıda və Abşeron yarımadasında yaranmış ekoloji problemlərdən danışıb, bu problemlərin həlli istiqamətində görülən işlər haqqında qonaqları məlumatlandırıb.

Azərbaycan prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tövsiyəsinə uyğun olaraq azərbaycanlı gənclərin Avropa və Amerikadakı nüfuzlu ali məktəblərdə təhsil almaları istiqamətində Şirkətdə həyata keçirilən tədbirlərdən geniş bəhs edən R.Abdullayev regional və qlobal əhəmiyyətli layihələrin icrasında həmin gənclərin bilik və bacarığından səmərəli istifadə olunduğunu bildirib.

Arizona ştatının Senat və Nümayəndələr Palatasının üzvləri Azərbaycana səfərdən böyük məmnunluq duyduqlarını bildirib, ölkəmizdə olduqları yerlər, keçirdikləri görüşlər haqqında razılıq hissi ilə danışıblar. Azərbaycanda iqtisadi inkişafla yanaşı ətraf mühitin qorunmasına diqqət göstərildiyini, millətlər və dinlərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayan qonaqlar onları maraqlandıran məsələlərlə bağlı ARDNŞ prezidentinə suallar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR