Azərbaycan əhalisinin 14%-i pensiyaçılardır

Azərbaycan əhalisinin 14%-i pensiyaçılardır
# 17 may 2012 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 1-i vəziyyətinə Azərbaycanda pensiyaçıların sayı 1 275,6 min nəfər təşkil edib ki, onlar ölkə əhalisinin 13,9%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pensiyaçıların 63,3%-i yaşa, 26,2%-i əlilliyə, 10,5%-i isə ailə başçısını itirməyə görə pensiya alıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% artaraq 150,2 manat olub və orta aylıq əmək haqqının 39,6%-ni təşkil edib.

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 599,8 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2% çoxdur: «Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,3% artaraq 587,7 mln. manat təşkil edib».

Hesabat dövründə əhaliyə 12,1 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 30,6%-i hamiləliyə və doğuma görə, 28,1%-i əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə, 19,8%-i dəfnə görə ödənilib, 21,5%-i isə digər müavinətlərin payına düşüb.

Aprelin 1-nə ölkədə 310,4 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 15,7 min nəfər, əlilliyə görə 105,5 min nəfər, ailə başçısını itirməyə görə 38,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 62,3 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 57,3 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 736 nəfər qəyyumuna, eləcə də 10,4 min ailəyə 20,6 min uşaq üçün aylıq müavinət verilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan başqa, 7,6 min 1 yaşadək uşağa görə 7,5 min ailəyə sosial müavinət verilib. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 517 zərərçəkən kompensasiya alıb.

Bundan əlavə, 36,1 min nəfərə, o cümlədən 30,1 min uşağın doğulmasına görə, 4,3 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1,1 min nəfərə penitensiar xidmətdən azad olanlara və həyatını itirmiş 573 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

Bu ilin üç ayı ərzində Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 34,3 min nəfər aylıq təqaüd alıb.

Cari il aprelin 1-nə ölkədə 127,2 min ailənin 566,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə 24,22 manat ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR