Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Berlindəki Humboldt universitetində oxuculara təqdim olunub

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Berlindəki Humboldt universitetində oxuculara təqdim olunub
# 12 fevral 2014 08:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Berlindəki Humboldt universitetində oxuculara təqdim olunub.

K. Abdullanın APA-ya verdiyi məlumata görə, əsəri alman dilinə Aygün Mehbalıyeva tərcümə edib. Təqdimat mərasimini universitetin Azərbaycan tarixi kafedrasının müdiri, şərqşünas alim Yeva Mariya Aux açıb. O, giriş sözündə Azərbaycanın tarixi və ədəbiyyatı haqqında danışıb, “Yarımçıq əlyazma”nın tarixi-mədəni qaynaqları, əsərdə cərəyan edən hadisələrin ümumi fonu barədə fikirlərini bildirib.

Professor Aux qeyd edib ki, “Yarımçıq əlyazma” Avropa oxucuları üçün Azərbaycan ədəbiyyatına, tarixinə və mədəniyyətinə açılan pəncərədir.

Təqdimat mərasimində Humboldt universitetinin tələbələri ifadəli oxu ilə romandan parçaları səsləndiriblər. Müəllif universitetin müəllim və tələbə heyətinə imzalı kitablar hədiyyə edib.

Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, kitaba ön sözü tanınmış filoloq professor Ziqlinde Hartmann yazıb. Roman Avstriyanın nüfuzlu “GOLDEGG VERLAG” nəşriyyatında işıq üzü görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR