Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qrupları təqdim edilib

Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qrupları təqdim edilib
# 12 may 2014 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “SABAH” qrupları ilə bağlı təqdimat keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təqdimatdan əvvəl universitetin rektoru Ədalət Muradov çıxış edərək “SABAH” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Rektor ADİU-da 9 ixtisas üzrə “SABAH” baza qruplarının yaradılacağını xatırladıb.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov “SABAH” qrupları ilə bağlı geniş məlumat verib: “Yeni qrupların yaradılması təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacaq”.

“SABAH” qruplarında təhsil alanlar ödənişli və ya dövlət sifarişi ilə oxumasından asılı olmayaraq təqaüd alacaqlar. Eyni zamanda həmin qruplarda təhsil alan və aztəminatlı ailədən olan tələbələr yataqxana ilə təmin olunacaqlar. Qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlər, şirkət rəhbərləri və dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək. “SABAH”ın fərqlənənləri xarici ölkələrdə təcrübəyə göndəriləcək.

“SABAH” qrupları 8 daha müasir ali təhsil müəssisəsinin bazasında yaradılacaq. Birinci semestrdə 61-dən çox bal yığan tələbələr “SABAH” qrupuna daxil olmaq şansı qazanacaqlar. Bunun üçün onlar www.sabah.edu.az saytı vasitəsilə elektron ərizə verməli və müsabiqədə iştirak etməlidirlər.

Təhsil Nazirliyinin nümayəndələri “SABAH” qrupları layihəsi ilə bağlı təqdimatı keçirdikdən sonra universitetin müəllim-professor heyətinin və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR