İlham Əliyev: "Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir"

İlham Əliyev: "Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir"
# 14 iyun 2014 19:42 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı var”. APA-nın məlumatına görə, bunu iyunun 14-də Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündən sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir: “Çünki bizim əlaqələr müxtəlif sahələri əhatə edir. Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır”.

Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edərək, ixracın 80 faizinin Avropa İttifaqının payına düşdüyünü vurğulayıb: “İqtisadi əməkdaşlığımızın böyük potensialı var. Xüsusilə, bu yaxınlarda Avropa istehsalçıları ilə enerji və qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar həcmində müxtəlif mühüm sazişlər imzalanıb. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat sahəsində daha böyük fəallıq olacağını düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR