“Xəzər Lənkəran” Makedoniya yığmasının futbolçusu ilə müqavilə bağlayır

“Xəzər Lənkəran” Makedoniya yığmasının futbolçusu ilə müqavilə bağlayır
# 27 yanvar 2014 11:05 (UTC +04:00)

Bakı – APA. Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçunun transferini gerçəkləşdirir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi baxışda olan makedoniyalı Deyan Blajevski ilə müqavilə imzalamağı planlaşdırır. Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonu transfer edən əyalət komandası bununla da 5-ci futbolçunu heyətinə qatmış olacaq.

Özünü yaxşı tərəfdən göstərən 29 yaşlı cinah yarımmüdafiəçisinin keçidi yaxın günlərdə rəsmiləşəcək. Ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunan Deyan 2 qarşılaşmaya çıxıb və Polşa ilə qarşılaşmada qol hesabını açıb.

Son klubu vətənində “Turnovo” olan Blahevski 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos”un (2011-12) da uğurları üçün çalışıb. Avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa Liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi braziliyalı Elias isə hələ komandanın düşərgəsinə gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR