28 May Respublika Günü ilə əlaqədar Bosniya və Herseqovinada tədbir keçirilib

28 May Respublika Günü ilə əlaqədar Bosniya və Herseqovinada tədbir keçirilib
# 28 may 2014 12:58 (UTC +04:00)

Bakı-APA. Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 28 May Respublika Gününə həsr olunmuş geniş mərasim keçirilib.

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən APA-ya verilən məlumata görə, diplomatik nümayəndəlikdə keçirilən mərasimdə Bosniya və Herseqovina - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edənlər 28 may 1918-ci ildə Tiflis şəhərində Məmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Şərqdə ilk demokratik respublika olduğunu vurğulayıb, bu əlamətdar tarixdən 96 il ötdüyünü nəzərə çatdırıblar.

Qeyd olunub ki, 1918-ci ilin dekabrında təsis edilmiş Azərbaycan Demokratik Respublikasının parlamenti ölkədə yaşayan bütün xalqlara təmsil olunmaq hüququ verən ilk qanunverici orqan olmaqla, tolerantlığın və demokratiyanın Şərqdə ilk nümunəsi olduğunu göstərib.

Dövlət idarəçiliyində Azərbaycanın müxtəlif milli azlıqlarına mənsub məmurların maliyyə, səhiyyə, əmək naziri qismində iştirakı təmin edilmiş, Bakı Dövlət Universiteti təsis olunmuş, azərbaycanlı gənclərin dövlət hesabına təhsil alması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırılmış və 100 azərbaycanlı tələbəni xaricə təhsil almağa göndərib.

Azərbaycanın xaricdəki ilk diplomatik nümayəndəliklərinin açılması (Tehran və İstanbul) məhz Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edib, 11 yanvar 1920-ci ildə Birinci Dünya Müharibəsində qalib gələn dövlətlərin Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə qərar qəbul olunub.

Həmçinin xüsusilə nəzərə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikası cəmi 23 aylıq ömrə sahib olmuş AXC-nin hüquqi varisidir və onun dövlət atributlarını bərpa edib. Bu baxımdan 1918-1920-ci illər xalqımızın və dövlətçilik tariximizin şərəf səhifəsi hesab olunmalıdır.

Daha sonra tədbir iştirakçıları diplomatik nümayəndəliyin binasında təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR