Azərbaycan BTQ layihəsi ilə bağlı Gürcüstana əlavə 175 mln. dollar ayıracaq

Azərbaycan BTQ layihəsi ilə bağlı Gürcüstana əlavə 175 mln. dollar ayıracaq
# 13 fevral 2013 15:57 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflisdə keçirilən Gürcüstan-Azərbaycan Koordinasiya Şurasının iclasından sonra Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan BTQ-nin tikintisi barədə bütün məsələlərdə razılığa gəlib: “Bu il BTQ-nin Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan əlavə 175 mln. dollar ayıracaq. İlin sonuna kimi BTQ-nin Gürcüstan hissəsindən qatarlar keçməlidir. Gürcüstan tərəfi buna hazır olduğunu bildirib. Layihə çərçivəsində hər üç ölkə öz öhdəliklərini yerinə yetirməyə hazırdır”.

Nazir Koordinasiya Şurasının üçtərəfli görüşünün fevralın 22-də İstanbulda keçiriləcəyini bildirib.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR