İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 25,5 mln. manat kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 25,5 mln. manat kredit verilib
# 27 fevral 2015 13:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 214,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 6 800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 26 sahibkara 1,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, qapı-pəncərə, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Qeyd edək ki, bu kreditlərin reallaşdırılması hesabına 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 743 sahibkara 25,5 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan qida sənayesi avadanlıqları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilib. Bu müəssisəyə SKMF tərəfindən 10 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR