Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının rəhbərliyi dəyişib

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının rəhbərliyi dəyişib
# 04 avqust 2014 10:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjasının (BFB) təşəbbüsü ilə Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) İctimai Birliyinin növbədənkənar ümumi yığıncağı çağırılıb.

BFB-dan “APA-Economics”ə verilən məlumata görə, iclas assosiasiyanın strategiyasının müzakirə olunması, hədəflərinin müəyyən olunması və onun gələcəyinə dair fikir mübadiləsi aparılması məqsədilə birliyin təsisçilərinin, eyni zamanda ona üzv olmayan lakin vasitəçilik fəaliyyəti ilə aktiv məşğul olan broker və dilerlərin iştirakı ilə keçirilib. İclasda 10 broker və diler şirkətin təmsilçiləri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, BFB və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak edib.

Görüş zamanı AFBİA-nın fəaliyyətinin cari statusu və onun inkişaf etdirilməsi istiqamətində təkliflər, yeni üzvlərin və vasitəçilik fəaliyyəti ilə məşğul olan bazar iştirakçılarının İB-yə cəlb olunması, strateji tədbirlər planının yaradılması, təşkilatı struktur və İdarə Heyətinin tərkibinə baxılması və s. kimi məsələlər müzakirə olunub.

İclasda peşəkar bazar iştirakçılarını bir araya gətirən, onların ümumi mövqeyini səsləndirən, onlar arasında müəyyən dialoq institutunu yaradan və fəaliyyətini canlandıran təşkilatın təşkilatlanmasına ehtiyac artdığı xüsusilə qeyd olunub.

İclasın yekununda AFBİA-nın yeni sədri Ceyhun İbrahimov, sədr müavini isə İntiqam Səfərəliyev seçilib. Qeyd edək ki, C.İbrahimov “InvestAZ” şirkətinin direktor müavini, İ.Səfərəliyev isə “Chelsea Capital” şirkətinin direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, AFBİA 2007-ci ilin mayın 2-də təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR