Yaşar Cəfərli fiziki təzyiqə məruz qalması ilə bağlı mətbuat konfransı keçirib

Yaşar Cəfərli fiziki təzyiqə məruz qalması ilə bağlı mətbuat konfransı keçirib
# 03 aprel 2013 13:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli fiziki təzyiqə məruz qalması ilə bağlı mətbuat konfransı keçirib.

Y. Cəfərli döyüldüyünü iddia edərək hadisənin dünən axşam saatlarında baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, tanımadığı iki nəfər yaşadığı binanın qarşısında ona hücum edərək xəsarət yetiriblər: “Onlar mənə yumruq zərbələri endirməyə başladılar. Mən yaxınlıqda olanları köməyə çağırdım. Yalnız bundan sonra həmin şəxslər qaçmağa başladı. Şahidlərinin köməkliyi ilə bir nəfəri tuta bildik, digəri isə qaçdı. Daha sonra hadisə yerinə polis çağırdıq. Bizi məni döyən şəxslə birlikdə 29-cu polis bölməsinə apardılar. Orada yazdığım şikayət ərizəsi əsasında tədqiqata başlandı. Sonra isə məni tibbi ekspertizaya göndərdilər”.

İnsidentin sifarişli xarakter daşıdığını deyən Y. Cəfərlinin sözlərinə görə, hadisə müxtəlif səbəblərdən baş verə bilər: “Birinci səbəb odur ki, Müdafiə Nazirliyi bizim fəaliyyətimizdən narahatdır. Lakin mən obyektiv araşdırma aparılmasının marağındayam. İnanıram ki, hüquq-mühafizə orqanları məsələni araşdıraraq hüquqi qiymət verəcək”.

Y. Cəfərli əvvəllər də ona qarşı bu tipli hücumların olduğunu vurğulayıb: “2005-ci ildə parlament seçkiləri ərəfəsində bir qrup şəxs bizim ofisə gələrək, məni döyüblər. Bu barədə də polisə müraciət etsəm də, heç kim saxlanılmadı və cinayətin üstü açılmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR