Azərbaycan Dövlət Agentliyi ilə Koreyanın “Yonhap” agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Dövlət Agentliyi ilə Koreyanın “Yonhap” agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb
# 18 noyabr 2015 12:10 (UTC +04:00)

Bakı – APA. Seulda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Koreya Respublikasının aparıcı xəbər agentliyi olan “Yonhap”ın prezidenti Park No-hvanq ilə görüşüb.

APA-nın məlumatına görə, “Yonhap”ın baş qərargahında keçən görüşdə agentliyin vitse-prezidentləri və Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin müşaviri Vaqif Cəfərov iştirak ediblər.

Görüşdə A. Aslanov həmkarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, turizmi haqqında geniş məlumat verib, ölkənin inkişaf templərinə görə Cənubi Qafqazda lider olduğunu bildirib. İkitərəfli əməkdaşlıqdan danışan baş direktor AZƏRTAC-ın “Yonhap” agentliyi ilə uzun müddətdir tərəfdaşlıq etdiyini, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri təşkilatı (OANA) çərçivəsində səmərəli əlaqələrinin mövcud olduğunu bildirib.

Noyabrın 16-17-də “Yonhap”ın ev sahibliyi ilə keçirilən OANA İcraiyyə Komitəsinin 39-cu iclasının yüksək səviyyədə təşkil olunduğunu bildirən A. Aslanov burada müzakirə edilən məsələlərin medianın inkişafı üçün vacib rol oynayacağını diqqətə çatdırıb. “Bu gün AZƏRTAC və “Yonhap” arasında imzalanacaq yeni saziş həm ölkələrimizin tanıdılması, həm də agentliklərimiz arasında əlaqələrin inkişafı baxımından böyük töhfə olacaq. Bu, bizə xəbər və jurnalist mübadiləsi aparmağa, hər iki ölkənin müxtəlif sahələrdə qazandığı uğurlar barədə xəbərlərin qarşılıqlı surətdə cəmiyyətlərimizə təqdim edilməsinə imkan verəcək”, - deyə A.Aslanov vurğulayıb.

Gələn ilin noyabrında Bakıda keçiriləcək OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi haqqında məlumat verən A. Aslanov “Yonhap”ın prezidentini bu tədbirlərdə iştirak etməyə dəvət edib.

“Yonhap”ın prezidenti Park No-hvanq Azərbaycan və Koreyanın iki aparıcı agentliyinin tərəfdaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O bildirib ki, “Yonhap” və AZƏRTAC arasında yeni əməkdaşlıq sazişi Azərbaycanın Koreyada daha yaxından tanıdılmasına şərait yaradacaq.

Sonra AZƏRTAC-ın baş direktoru və “Yonhap”ın prezidenti əməkdaşlıq haqqında sazişi imzalayıblar. Sazişə əsasən, AZƏRTAC və “Yonhap” iki ölkə arasındakı qarşılıqlı əlaqələr, biznes, iqtisadiyyat, mədəniyyət, turizm, incəsənət sahələrində xəbər, foto və video mübadiləsi aparacaq. Eyni zamanda, agentliklər jurnalistika, İKT, marketinq sahələrində qarşılıqlı səfərlər, həmçinin təcrübə mübadiləsi təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR