Gürcüstanın Rəqabət Agentliyi avtomobil yanacağı bazarında apardığı araşdırmanın nəticəsi olaraq 6 neft şirkətini ümumilikdə 3 mln. lari (1,2 mln dollar) məbləğində cərimələyib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, şirkətlərin siyahısında SOCAR-ın törəmə “SOCAR Georgia Petroleum” şirkəti də var.
Şirkətlərin cərimələnməsinə səbəb onların antiinhisar qanunvericiliyinin pozması, neft məhsulları bazarında yüksək qiymətlərin saxlanılması məqsədilə kartel sövdələşmələri əldə etməsidir.
Qeyd edək ki, 2015-ci ildə Gürcüstanın Rəqabət Agentliyi ölkədə fəaliyyət göstərən iri neft şirkətlərini eyni səbəbə görə ümumilikdə 54 mln. lari (21,7 mln. dollar) məbləğində cərimə edib. Lakin şirkətlər cərimə ilə bağlı qərarı əsaslandırılmamış hesab etdiklərinə görə məhkəməyə müraciət ediblər. Məhkəmə şirkətlərin xeyrinə qərar qəbul edib. Bundan sonra Rəqabət Agentliyi daha əsaslı sübutlar təqdim etmək üçün yanacaq bazarında əlavə araşdırma aparmağa məcbur olub.