İraqda Xalqın Mücahidləri Təşkilatının düşərgəsinə hücum nəticəsində 7 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb

İraqda Xalqın Mücahidləri Təşkilatının düşərgəsinə hücum nəticəsində 7 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb
# 11 fevral 2013 09:29 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İraqın paytaxtı Bağdad şəhərinin 15 kilometr qərbində yerləşən İran hökumətinə müxalif Xalqın Mücahidləri Təşkilatının üzvlərinin qaldığı düşərgəyə hücum edilib. APA-nın məlumatına görə, İraq polisi Bağdad Beynəlxalq Hava Limanının yaxınlığındakı ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə (“Azadlıq”) təşkil olunan hücumda 7 nəfərin öldüyünü, 50-yə yaxın adamın yaralandığını açıqlayıb. Yerli saatla 05:30-da təşkil edilən hücum zamanı top və “Katyuşa” raketlərindən istifadə edildiyi bildirilir.

Qeyd edək ki, Bağdadın 70 kilometr şimal-şərqindəki “Əşrəf” düşərgəsində məskunlaşan İranın Xalqın Mücahidləri Təşkilatının üzvləri rəsmi Tehranın təzyiqi, İraq şiələrinin düşərgə qarşısında etiraz aksiyaları keçirməsi səbəbindən İraq hökumətinin qərarı ilə ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə köçürülüblər. 2011-ci ilin dekabrında BMT və İraq arasında imzalanmış müqaviləyə əsasən Xalqın Mücahidləri Təşkilatının üzvləri üçüncü ölkədə yerləşdirilənə qədər onlar “Camp Liberty”də qalmalıdırlar. Hazırda düşərgədə İran Xalq Mücahidləri Təşkilatının 1500 üzvü var.

1979-cu il İslam inqilabından sonra İrandakı yeni rejimi hədəf alan, çoxlu sayda hücum həyata keçirən və İraq-İran müharibəsi zamanı Səddam Hüseyn rejimi ilə əməkdaşlıq edən Xalqın Mücahidləri Təşkilatı ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra terrora son verdiyini açıqlayıb. ABŞ 2012-ci ilin sentyabrında bu qurumu terror təşkilatları siyahısından çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR