Bu ilin ilk 6 ayında Azərbaycan Dövlət Neft Fondundan 4 883,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib

Bu ilin ilk 6 ayında Azərbaycan Dövlət Neft Fondundan 4 883,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib
# 21 iyul 2014 12:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. 2014-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 493,6 mln. manat, büdcə xərcləri isə 5 163,1 mln. manat təşkil edib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində ARDNF-ın neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 374,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 355,4 mln. manat, tranzit gəlirləri 4,4 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat təşkil edib.

Cari ilin yanvar-iyun tarixləri ərzində Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 118,8 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11,0 mln. manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 19,6 mln. manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5,2 mln. manat vəsait yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə ARDNF-dan 40,0 mln. manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 mln. manat təşkil edib.

2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 6,5 mln. manat təşkil edib, o cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 mln. manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 71,6 mln. manat təşkil edib.

2014-cü il iyulun 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 mln. ABŞ dolları) nisbətən 4,86% artaraq 37 622,4 mln. ABŞ dollarına bərabər olub.

ARDNF 2012-ci ildən etibarən qızılın alınmasına başlayıb və 1 iyul 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR