Azərbaycanda 1 000 nəfərə «elektron imza» kartları ödənişsiz veriləcək

Azərbaycanda 1 000 nəfərə «elektron imza» kartları ödənişsiz veriləcək
# 09 oktyabr 2012 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Azərbaycan vətəndaşları «elektron imza» («e-imza») vəsiqəsini daha asan qaydada əldə edə biləcəklər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «e-imza» vəsiqəsinin alınması proseduralarına yeniliklər edən Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış elektron ərizə proqram məhsulu artıq istifadəyə verilib. Bu proqramın köməyi ilə istənilən vətəndaş www.e-imza.az saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və «online» qaydada ödəniş etməklə, «e-imza» kartı sifariş edə bilər. Sifariş Mərkəzə daxil olan kimi «e-imza» sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. «E-imza» sertifikatının hazır olması barədə məlumat bildirişi almış vətəndaş MHM-dakı Qeydiyyat Mərkəzinə yaxınlaşıb, qanunvericiliyə əsasən özünü identikləşdirməyə imkan verən şəxsiyyət vəsiqəsini təqdim edərək «e-imza» sertifikatını alır. İlk vaxtlar üçün «online» «E-ərizə xidməti» vasitəsilə «e-imza» sertifikatı kartları MHM-dakı Qeydiyyat Mərkəzində veriləcək. Sınaq müddətindən sonra bu xidmət respublikadakı bütün Qeydiyyat Mərkəzlərini əhatə edəcək.

«Bu sahədə yenilik «e-imza» almaq üçün internet üzərindən «E-ərizə xidməti»nin fəaliyyətə başlaması ilə bitmir. Növbəti yenilik Məlumat Hesablama Mərkəzinin həyata keçirdiyi aksiya ilə bağlıdır. Belə ki, «e-imza» üçün sertifikatlar verən Milli Sertifikat Xidmətləri Mərkəzi artıq bir ildir fəaliyyət göstərir. Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətə başlamasının 1 illiyi ilə əlaqədar olaraq «online» elektron ərizə xidməti vasitəsilə imza sertifikatı almaq üçün müraciət edən ilk 1 000 vətəndaşa «e-imza» kartları ödənişsiz veriləcək», - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, elektron xidmətlərin gündən-günə artması, «vətəndaş-dövlət» münasibətlərinin «elektronlaşması» «e-imza» xidmətlərinin daha da aktuallaşmasını zəruri edir. MHM tərəfindən hazırlanan «E-ərizə xidməti»nin fəaliyyətə başlaması ilə istifadəçilər daha yüksək keyfiyyətli xidmətlə təmin olunacaq. Belə ki, bu yenilik vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, «e-imza» sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR