Bakıda “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 11:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirib ki, UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.

Onun sözlərinə görə, məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə edilməsinə yönəltməkdir. Azərbaycanda bu tarixin hər il qeyd olunduğunu deyən idarə rəisi bu məsələyə dövlət rəhbərliyi tərəfindən mühüm diqqət və qayğı göstərildiyini deyib. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarixi-memarlıq kompleksi UNESCO-nun “Dünya mədəniyyəti iris” siyahısına daxil edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tarixi abidələrin qorunması və bərpasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Azərbaycanda da Beynəlxalq Abidələr və Tarixi Yerlər günü yüksək səviyyədə qeyd olunur. Sabah Azərbaycanda bu bayramı təsis edən UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının Azərbaycan qrupu təsis olunacaq. Təsis konfransında şuranın rəhbərliyi və digər şəxslər iştirak edəcək. Biz ilk öncə işin keyfiyyətini və mahiyyətini qiymətləndirərək etiraf etməliyik ki, uzun sürən çətin dövrlərdən sonra hamımız bu gün İçərişəhərlə fəxr edirik. Bu reallıq və həqiqətdir. Hər bir insan İçərişəhərə daxil olaraq böyük məhəbbət və sevinclə bu tarixi mirvarinin ölkənin mədəniyyət və turizm baxımından mərkəz olmasının şahidi olur. Bura Azərbaycanın bu gün beynəlxalq səviyyədə tanıdılmasında, yeni bir dövlətin formalaşdırdığı mühitin və ideologiyanın dünyaya tanıdılmasında kifayət qədər gözəl nümunədir”.

Tədbirin davamında çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları tarixi abidələrin qorunması ilə bağlı fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR