Azərbaycanda tələbələrə akademik məzuniyyət verilməsi  halları və müddəti müəyyənləşib

Azərbaycanda tələbələrə akademik məzuniyyət verilməsi  halları və müddəti müəyyənləşib
# 18 fevral 2014 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda tələbələrə akademik məzuniyyət verilməsi halları və müddəti müəyyənləşib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ına əsasən, tələbələrə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, ailə vəziyyətinə görə - 2 il müddətinədək, səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə kimi akademik məzuniyyət verilir. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.

Yeni qaydalara əsasən, ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Azərbaycanın ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Tələbənin bərpası barədə ərizəyə akademik arayış və əvvəlki təhsil haqqında sənədin əsli əlavə edilir. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası müvafiq sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə habelə akademik arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR