“Keşlə”nin Müşahidə Şurasının sədri, həmçinin Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın növbədənkənar Konfransı və İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlər üçün brifinq keçirib.
Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Bakı klubunun hazırkı durumu, danışılmış oyunlar və Azərbaycan millisinin baş məşqçisi ilə bağlı sualları cavablandırıb.
- "Keşlə"nin qış təlim-məşq toplanışına start verilib. Hazırlıq necə gedir və yeni legionerlərin gəlişi gözlənilirmi?
- Proqram təsdiq olunub, ayın 14-15-də komanda Türkiyəyə yola düşəcək. Bildiyiniz kimi, özbəkistanlı futbolçunun transferi həll olunub. Sırf hücumçu mövqeyinə də axtarışdayıq. Bu da yaxın günlərdə həllini tapar. Bununla da qış transferlərimiz bitəcək.
- Maliyyə imkan vermir çox transfer etməyə?
- Xeyr. Məşqçi korpusunun qərarı belədir. Digər mövqelərdə kifayət qədər oyunçu var, komanda formalaşıb. Futbolçular bir-birilərini yaxşı başa düşürlər. Baş məşqçinin qərarına hörmətlə yanaşırıq.
- Tərlan Əhmədov ilk yarının gedişində tez-tez dilə gətirirdi ki, ehtiyat oyunçular skamyamız kasaddır, futbolçumuz azdır. Amma indi 2 transferlə kifayətlənirsiniz...
- Tərlan müəllim bu mövqenin alternativi məsələsini nəzərdə tuturdu. Hücumçu dəvət etmişdim, mövsüm başlayan kimi zədələndi. Sonra Ziya Əzizov bir oyun da keçirmədən Hollandiyaya qayıtdı. O da bəxtsizliklə üzləşdi. Çempionatın startına bir həftə vaxt qalmış zədə aldı. Bu problemlərdən sonra ehtiyat oyunçular skamyamız daraldı. Amma Tərlan müəllim U-19 komandasından və əvəzedici heyətdən 4-5 oyunçunu dəvət etdi. Hücumda Lorenzo Frutosu əvəzləyən Xəzər Mahmudov akademiyamızın yetirməsidir, perspektivli futbolçudur. Boşluqları vaxtında sığortalaya bilirik. 2 transfer edilməsi mənim yox, baş məşqçinin qərarıdır.
- Danışılmış oyunlardakı iştirakına görə məşqçi Mehman Babayev komandadan uzaqlaşdırıldı. Hətta mətbuatda Tərlan Əhmədovun da adı danışılmış oyunların iştirakında hallanır. Buna münasibətiniz necədir?
- Mehman Babayevlə inzibatçımız Asifin 2017-18 mövsümündə "Binə" komandasında çalışarkən danışılmış oyunlarda iştirak etmə məsələsi ortaya atılıb. Onlar istintaqa cəlb olunmuşdular. Biz də məsələni nəzarətdə saxlayırdıq. Aldığımız məlumata görə, artıq təsdiqlənib. Yəqin ki, son qərar hər şeyi müəyyənləşdirəcək. Buna baxmayaraq, onları bir müddət klubdan uzaqlaşdırmaq qərarına gəldim. Biz belə halların əleyhinəyik. Burada heç bir danışılmış oyundan söhbət gedə bilməz. Belə bir hadisə birinci dəfə iki il əvvəl elə "Keşlə"də baş vermişdi. Bunun qarşısını aldım, iki futbolçu cəzalandırıldı. Əgər "Keşlə"dən əvvəl çalışdığı hansısa komandada çirkin yola əl atıbsa, bu cür insanlara Azərbaycan futbolunda yer ola bilməz. İstintaqın gedişində belə başa düşürdük ki, əsas araşdırma I divizionla bağlı idi. Premyer Liqada bu məsələ tam sıfırlanıb, heç bir danışılmış oyun aşkarlanmayıb. Təqsirkarlar çox ciddi şəkildə cəzalandırılıblar. Bu proses davam etdiriləcək, sağlam rəqabət olmalıdır.
- Tərlan Əhmədovun adının milli ilə hallanması ilə bağlı nə deyə bilərsiniz?
- Bir klub rəhbəri kimi, mən də sevinərəm. Hər bir rəhbər üçün təkcə baş məşqçisi yox, futbolçusunun milliyə dəvət edilməsi sevindiricidir. Mətbuatımızın belə məsələləri işıqlandırması tərifəlayiqdir. Bu o deməkdir ki, media da yerli mütəxəssislərin çalışmasını istəyir. Təkcə Tərlan Əhmədovun yox, Ayxan Abbasovun, Samir Abasovun da adı var idi. Onlar bizim gənc mütəxəssislərimizdir. Hər şeyi zaman göstərəcək. Tərlan müəllimlə bu barədə söhbətim olmayıb. O, hazırda "Keşlə"nin təlim-məşq toplanışı ilə məşğuldur.
- Vüsal İsgəndərli gah deyir "qalıram", gah da deyir "gedirəm". Onun məsələsi nə yerdədir?
- Bütün futbolçularımızın müqavilə müddəti mayın 31-nə qədərdir. Hər kəs qalıb, müqavilə müddətinin sonuna qədər oynayacaq. Şəxsən mənə nə Vüsal, nə də başqa bir oyunçu ilə bağlı müraciət olub. Olsa belə, mənfi cavab verərəm. Komanda yeni-yeni formalaşır, öz oyununu tapır. İndiki məqamda hansısa oyunçunu göndərmək, komandanı parçalamaq düzgün olmaz.
- Siz necə düşünürsünüz, milliyə yerli, yoxsa əcnəbi mütəxəssis rəhbərlik etməlidir?
- Bu, çox çətin sualdır. AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Xaricdə bir neçə mütəxəssislə danışıq aparılır. Məncə, bunu zamanın öhdəsinə buraxaq. Bu qərarı mən verə bilmərəm, AFFA rəhbərliyi var. Mənim şəxsi fikrim belədir ki, bizə təcrübəli məşqçi lazımdır. Həmçinin millinin heyətinin 50 faizinin dəyişdirilməsinin, yeni gənc nəslə üstünlük verilməsinin tərəfdarıyam. Klublarımızda yaxşı futbolçular var. Millinin heyətinin yarısı dəyişdirilməli, futbolla alışıb-yanan, öz üzərində çalışan, futbolu sevən, dedi-qodulara, təzyiqlərə fikir verməyən oyunçular çağırılmalıdır. Hamımız milli komanda üçün çalışmalıyıq, çünki ölkəmizin adını təmsil edir. Şəxsən mənim üçün birinci milli, sonra "Keşlə" gəlir.