Ombudsman nümayəndələri BİT-də Bayram Məmmədov və Qiyas İbrahimovla görüşüblər

Ombudsman nümayəndələri BİT-də Bayram Məmmədov və Qiyas İbrahimovla görüşüblər
# 19 may 2016 09:05 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər Bayram Məmmədov və Qiyas İbrahimov təkbətək qəbul ediliblər.

MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə keçirilmiş baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Eyni zamanda onların saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlərə, tibbi kitabçalarına baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, həmin şəxslər Bakı istintaq təcridxanasına gətirildikləri zaman ilkin tibbi müayinədən keçirilib və müayinə zamanı onların bədən səthində xəsarət izi aşkar edilməyib.

B. Məmmədov və Q. İbrahimov bu müəssisədə saxlanılma şəraitindən və rəftardan razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.

Başçəkmə çərçivəsində başqa şəxslər də qəbul edilmiş və onlar hər hansı bir narazılıqlarını bildirməyiblər.

Qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hüquqi məsləhətlər verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Baş Prokurorluğa məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR