Bank Of Baku

Aftandil Hacıyev: "Rəqibi təəccübləndirməyi düşünürük"

Aftandil Hacıyev: "Rəqibi təəccübləndirməyi düşünürük"
# 10 iyul 2019 18:25 (UTC +04:00)

"Hər bir klubumuza, o cümlədən öz komandamıza avrokuboklarda uğurlar arzu edirəm. İnanırıq ki, debüt mövsümümüzdə layiqli mübarizə aparacağıq. Bu, bizim üçün böyük təcrübə olacaq".

APA-nın məlumatına görə, bunu "Səbail" futbol klubunun baş məşqçisi Aftandil Hacıyev deyib. 

Bakı təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində sabah Rumıniyanın "Universitatya" komandasını qəbul edəcək.  Gənc mütəxəssis "ASCO Arena"da baş tutan mətbuat konfransında rəqibin güclü olduğunu açıqlayıb: "Rəqib haqda müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Səhvimiz az olsa, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm". 

O bildirib ki, təcrübəli oyunçulara güvənir: "Onların təcrübəsindən faydalanacağımıza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildir bu klubdadır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək presinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil".

A. Hacıyev deyib ki, avrokubokda debüt etmək onların üzərinə təzyiq yox, məsuliyyət qoyur:  "Səbail" 3 ildir yaranıb və avrokuboka düşməyin özü klub üçün uğurdur. Mövsüm başlamazdan öncə rəhbərlikdə danışdıq. Strategiyamızı legionerləri azaldıb yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır. Bundan sonra səfər matçı haqda düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var. Ən böyük problemimiz qapıdır. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidir. Daniel Bojinovski və ya Elxan Əhmədova şans verəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR