“Bütün azarkeşlərdən və rəqib komandaya aidiyyatı olan hər kəsdən üzr istəyirəm”.
APA-nın məlumatına görə, bu fikirlər Bakının “Neftçi” klubunun futbolçusu Anton Krivotsyuka məxsusdur.
Milliləşən ukraynalı müdafiəçi Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt”la ev oyununda (2:1) yaşanan qalmaqala görə üzr istəyib. O, sosial şəbəkədəki paylaşımında səhvini etiraf edib: “Vurulan qolu həddən artıq tərzdə qeyd etdiyim üçün üzr istəyirəm. Hamımız insanıq, emosiyalarımız var. Amma xahiş edirəm ki, insanlara mənim rəqib futbolçu və məşqçilərin ünvanına hansısa sözlər deməyimlə bağlı yalan məlumat yaymayın. Oyunun videoyazısı var və orada qoldan sonra baş verənlər aydın şəkildə əks olunub. Qolu bayram etmək var idi, sözlər yox idi. Buna görə müvafiq şəkildə cəzalanacağam”.
Qeyd edək ki, qarşılaşmada qalmaqal 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldıqdan sonra qapıçı Mehdi Cənnətovun topu kənara çıxarmasından sonra yaşanıb. “Neftçi” futbolçuları topu rəqibə qaytarmayıblar və Stiven Monroz "Sumqayıt"ın qapısına yol tapıb.
Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma final fitindən sonra "Sumqayıt"ın çalışdırıcısı E. Tarverdiyev tərəfə getsə də, "Neftçi"li onu öpüb.