APOEL-in baş məşqçisi: “Qarabağ"la oyundan sonra gülən mən olacağam"

APOEL-in baş məşqçisi: “Qarabağ"la oyundan sonra gülən mən olacağam"
# 23 oktyabr 2019 18:50 (UTC +04:00)


“İki ay öncə bu masada əyləşmişdim. Bu müddətdə nələrin dəyişməyimə gəlincə, son oyun bizim üçün final əhəmiyyəti daşıyırdı”.

APA-nın məlumatına görə, bunu Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin III turundakı rəqibi Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib.

Sabah keçiriləcək oyuna həsr olunan mətbuat konfransına qatılan almaniyalı mütəxəssis görüşün vacibliyindən danışıb: “Budəfəki qarşılaşma da vacibdir. Xallara ehtiyacımız var. Nəyi etmək lazım olduğunu yaxşı bilirik. Sadəcə taktikanı fikirləşməməli, ürəyimizi qoymalı, həvəslə oynamalıyıq ki, lazım olan nəticəni ala bilək. Son oyunda stadion səs-küylü idi, rəqibin azarkeş dəstəyi çox idi. Bu, futbolun gözəlliyidir. Ancaq işimizi bilirik. Komandanız lazım olan xalları qazanmağa hazırdır”.

T.Doll “Qarabağ”ın hansısa komponentdə ona “başağrısı” ola biləcəyi ilə bağlı suala da cavab verib: “Əvvəlcə, heç vaxt başım ağrımır. Oyunun əhəmiyyətini yaxşı bilirik. Gözəl hazırlaşmışıq. Avropa Liqasında qrupda oynamaq hər bir klub və onun azarkeşi üçün vacibdir. Təcrübəli futbolçularımız var. Yaxşı performans göstərərək lazım olan nəticə qazanmalıyıq. Uzun yol gəlmişik. Buna görə də bir az yorğunluq var. Ancaq bunun oyunla bağlı əlaqəsi yoxdur. Narahat olmayın, sabahkı oyundan sonra gülən mən olacağam. Ümumiyyətlə, heç bir oyuna başlamazdan neqativ düşünmək olmaz. Bu, təkcə futbola aid deyil, həyatda da belə olmaq lazımdır. Futbol da həyatın bir hissəsidir. Meydana yalnız qələbəni düşünərək çıxmalıyıq. Matça tam hazırıq”.

Baş məşqçi "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda qol vurmuş Tomas De Visentenin yoxluğuna da toxunub: “Əlbəttə, bu, bizim üçün itkidir. Ancaq onu əvəz edəcək yaxşı futbolçularımız da var. Onlar da matça hazırdırlar. Oyuna Tomas və hazırda komandamızda olmayan digər futbolçularımız üçün də çıxacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR