“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL klubunun yeni baş məşqçisinin adı dəqiqləşib.
APA-nın məlumatına görə, bu gün italiyalı Paolo Trametsani ilə yollarını ayıran komanda Tomas Dolla anlaşıb.
APOEL almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalayıb. İlk görüşdə “Qarabağ”a 1:2 hesabı ilə uduzan kiprliləri cavab matçına məhz T. Dolla çıxaracaq.
53 yaşlı mütəxəssis daha öncə vətənində “Hamburq”, “Dortmund” (Borussiya), “Hannover”, Türkiyədə “Gənclərbirliyi”, Səudiyyə Ərəbistanında “Əl-Hilal” və Macarıstanda “Ferentsvaroş” klublarında işləyib.
Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci görüş avqustun 13-də, saat 20:30-da başlayacaq.