“Neftçi” ilə oyuna bir xal üçün çıxmışdıq. Ötən turda da uduzduğumuzdan bu dəfə xal qazanmaq istəyirdik. İlk yarıda istədiyimiz qolu vura bildik”.
APA-nın məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” ilə oyunundan sonrakı mətbuat konfransında fikirlərini açıqlayıb. A.Abbasov 1:2 hesablı məğlubiyyətə şərh verib: “Qarşılaşmanı əks-hücumların üzərində qurmaq istəyirdik. Bilirdik ki, “Neftçi”nin durumu bizdən də pisdir. Ancaq qırmızı vərəqədən sonra mübarizə aparmaq çətinləşdi. Dəyişikliklər də etdik, lakin matçın son 1 dəqiqəsini dözə bilmədik”.
A.Abbasov oyun zamanı yaşanan xoşagəlməz hallarda rəqib komandanı ittiham edib: “Roberto Bordin hər dəfə kimlərəsə nələrisə öyrətmək istəyir. Getsin öz komandasına tərbiyə versin. Futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, onu qovaram. Təəssüflənirəm ki, Azərbaycan millisində Anton Krivotsyuk kimi futbolçular oynayır. Bu gün futbola nifrət etdim. Neyləmişik ki, bizə niyə söyüş söyür? Görüşün sonuncu dəqiqəsində top çıxıb, oyunçumuz yerdə qalıb. Başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiniz, topu niyə vermədiniz? Azərbaycana gəlib, bizə futbol öyrətmək lazım deyil. Bu da onun tərbiyəsiz komandası!”.
Çalışdırıcı rəqib komandanın məşqçisi Etibar Tarverdiyevlə arasındakı narazılıqdan da danışıb: “Mən futbolçuları oradan çəkmək istəyirdim. Anton Krivotsyuk pis söyüş söydü. Ola bilər ki, Ukraynada onun üçün normal haldır. Amma burda heç kim valideynlərini küçədən tapmayıb. İyirmi futbolçunun qabağını kəsə bilmərəm. Amma yenə də onları çölə çıxarmaq istədim. Etibar onları sakitləşdirmək əvəzinə bizim üzərimizə gəldi. Bu, normal deyildi. Antona görə Vurğun Hüseynov qırmızı vərəqə aldı. O büdcə ilə “Sumqayıt”la yox, “Qarabağ”la prinsip aparsınlar”.
Qeyd edək ki, qarşılaşmada qalmaqal 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldıqdan sonra qapıçı Mehdi Cənnətovun topu kənara çıxarmasından sonra yaşanıb. “Neftçi” futbolçuları topu rəqibə qaytarmayıblar və Stiven Monroz "Sumqayıt"ın qapısına yol tapıb.
Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma final fitindən sonra "Sumqayıt"ın çalışdırıcısı E. Tarverdiyev tərəfə getsə də, "Neftçi"li onu öpüb.