“Oyuna yaxşı başladıq. Ancaq 5-ci dəqiqədən sonra səhvlərə yol verdik”.
APA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis Belarusla Minskdə keçirilən yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Çalışdırıcı AFFA-nın saytına açıqlamasında 3:5 hesablı yenilgiyə şərh verib: “Hələ mövsüm başlamayıb, oyunçular ideal formada deyillər. Xüsusilə də fiziki planda çox axsadıq. Səhvlərimiz də daha çox bundan qaynaqlanırdı. Görüşdən əvvəl bununla bağlı xəbərdarlıq etmişdim. Oyun intizamı, eləcə də konsantrasiya məni qane etmədi. Uduzmaq olar, amma bu cür oynamaq yox. Heyətlə bağlı problemlərimiz var. Amma məğlubiyyəti bununla bağlamaq istəmirəm. Zədə və digər səbəbdən komandaya qoşula bilməyənlərin əvəzinə başqa oyunçuları sınadıq. Sadəcə, oyunçuların yanaşması məni qane etmədi”.