“Bu dəfə fərqli oyun gördük. Daha doğrusu, oyunçuların yanaşması məni qane etdi”.
APA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio deyib.
Braziliyalı mütəxəssis Belarusla Borisovda keçirilən yoxlama oyunu barədə fikirlərini açıqlayıb. O, AFFA-nın saytına açıqlamasında 2:4 hesablı yenilgini səhvlərlə əlaqələndirib: “İntizamlı və istəkli idilər. Ancaq səhvlərimiz oldu. Bu səhvlər də mövsümün əvvəlinə xarakterikdir. Uzunmüddətli hazırlıq keçmək üçün vaxtımız olmadı. Çempionat hələ başlamayıb, oyun təcrübəsinə ehtiyac var. Daxili birincilik başladıqdan sonra futzalçılar formasını bərpa edəcəklər. Yenə deyirəm, uduzmağı heç kim istəmir. Ancaq yoldaşlıq oyunlarının vacibliyi də məhz səhvləri, çatışmazlıqları görmək, təsbit etmək üçündür. Hansı planda daha çox işləməli olduğumuzu aydınlaşdırdıq”.