“Bugünkü oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsentrasiyasız çıxmışdı”.
APA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio deyib.
Braziliyalı mütəxəssis DÇ-2020-nin əsas seçmə mərhələsinin Monteneqro ilə Bakıda keçirilən oyunundan sonra mətbuat konfransına qatılıb. O, 3:2 hesablı qələbəyə şərh verib: “Birinci hissədə bu aşkar görünürdü. Nəticədə çox pis oynadıq. Çoxdan idi bu cür intizamsız, zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik”.
Joze Alesio rəqib barədə də fikirlərini bildirib: “Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim. Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik. Son oyunda Slovakiya yığması ilə qarşılaşacağıq. Şanslarımız bərabərdir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var. Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdur”.
Monteneqro milli komandasının baş məşqçisi Sveto Ljesar da oyunu dəyərləndirib: “Yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Biz futzal yarışlarında iddialı ölkələrdən hesab edilmirik. Bu cür turnirlərdə təcrübəmizi artırırıq. Komandam Azərbaycana qarşı yaxşı oynadı. Amma Slovakiya ilə görüşü çox pis keçirmişdik. Artıq Azərbaycan və Slovakiya vəzifəsinin öhdəsindən gəlib. Məncə, komandanız qrupu birinci pillədə başa vuracaq. Çünki Azərbaycan millisi fərqli oyun nümayiş etdirir. Ümumiyyətlə, millinizin dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansı var”.